Konseptual Yanaşma

Etimologiyası ilə tanışlıq

"Konsept" sözü latın dilindəki conceptus sözündən yaranıb. Conceptus “tutmaq”, “qavramaq”, “bir araya gətirmək” anlamlarına gəlir. Bu kök söz həm də concipere – “qavramaq, dərk etmək, zehində tutmaq” felindən törəyib. Zamanla bu anlayış müxtəlif dillərə keçərək, ideya, plan, anlayış və ya düşüncə strukturu mənasında işlənməyə başlayıb.

Müasir dildə "konsept" dedikdə yalnız maddi bir forma deyil, onun arxasında duran fikir, məna və məqsəd nəzərdə tutulur. Məsələn, bir layihənin konsepti dedikdə onun vizual görünüşü yox, əsas ideyası, mərkəzi düşüncəsi nəzərdə tutulur.

Konsept nəyi ifadə edir?

Konsept dedikdə, bir şeyin yalnız zahiri görünüşü yox, onun arxasında duran əsas fikir və məna nəzərdə tutulur. Məsələn, bir əsərin konsepti – onun əsas ideyası, mesajı və ya hansı düşüncə sisteminə əsaslandığıdır. Bu anlayış həm maddi, həm də abstrakt layihələrə aid ola bilər: bir məhsulun, bir filmin, bir sərginin və ya bir davranış modelinin konsepti.

Konsept bir növ çərçivədir – nəyinsə niyə elə olduğunu izah edən daxili məntiq. İki oxşar görünən layihə arasında fərqi məhz onların konseptual yanaşması müəyyən edə bilər. Yəni məqsəd və niyyət olmadan sadəcə forma qalır – konsept isə formaya məna verir.

Konseptual yanaşma ədəbiyyatda necə görünür?

Ədəbiyyatda “konseptual” yanaşma bir əsərin təkcə süjeti və personajları ilə deyil, onun ideya düzümü ilə əlaqələndirilir. Belə əsərlərdə müəllif hadisələri sadəcə nəql etməklə kifayətlənmir – o, arxa planda bir ideyanı, fəlsəfi düşüncəni və ya ictimai mesajı oxucuya ötürməyə çalışır.

Misal olaraq, Albert Kamünün Yad əsərində hadisələrin soyuq və hissiz nəql edilməsi əsərin əsas konseptini – həyatın absurdluğu və insanın cəmiyyətə yadlaşması fikrini gücləndirir. Eləcə də Franz Kafkanın əsərlərindəki qeyri-real hadisələr və məkansızlıq hissi, insanın bürokratik sistemdə əzilməsi konseptini ifadə edir.

Konseptual ədəbiyyat oxucunu sadəcə əyləndirməyi deyil, düşündürməyi, mövcudluğa fərqli baxmağı hədəfləyir. Belə əsərləri oxumaq – yalnız bir hekayəni izləmək deyil, həm də bir dünyagörüşü ilə qarşılaşmaq deməkdir.

Konseptual yanaşma gündəlik həyatda

Konseptual yanaşma yalnız ədəbiyyatda və sənətdə deyil, gündəlik həyatda da mühüm rol oynayır. İnsanlar hər gün qarşılaşdıqları məsələləri sadəcə reaksiya verərək həll etmirlər, əksinə bu məsələləri daha dərin düşüncələr və məqsədlərlə yanaşmağa çalışırlar. Bu yanaşma həyatın müxtəlif sahələrində, məsələn, iş dünyasında, təhsil sahəsində və şəxsi münasibətlərdə özünü göstərir.

Misal olaraq, bir insan iş yerində yalnız verilən tapşırıqları yerinə yetirmir, həm də bu tapşırıqların arxasında duran məqsədləri, şirkətin dəyərlərini və sosial məsuliyyətini başa düşür. Eyni şəkildə, təhsil prosesində də müəllim yalnız məlumat ötürməkdən daha çox, şagirdin düşünmə tərzini inkişaf etdirmək məqsədini güdür.

Gündəlik həyatımızda biz tez-tez qərar qəbul edirik. Konseptual yanaşma bizə bu qərarları yalnız nəticələrə görə deyil, eyni zamanda həmin nəticələrin necə yaranacağı, niyə belə qərar verdiyimiz barədə düşünməyə vadar edir.

Mövzular